Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Lobya çox faydalı və qida dəyəri yüksək bir məhsuldur. Dünyanın bir çox ölkələrində lobyanın fərqli növləri o cümlədən qırmızı lobyadan fərqli yeməklər hazırlanır. Qırmızı lobyanın vətəni Amerika hesab olunur. Daha sonra isə bu bitki Avropa və Asiya ölkələrində geniş istifadə olunmağa başlayıb. Lobyanın latın adı “Phaselos” və ya “Phasedos” yunan sözü olub, qayıq deməkdir, çünki onun meyvələri qayığa bənzəyir. Yer kürəsinin tropik və subtropik qurşaqlarında geniş yayılmışdır. Lobya cinsi 230 növü özündə birləşdirir. Bundan 17 növü ən çox yayılmışdır.
N.İ. Vavilovun fikrincə lobyanı ilk yetişdirən ölkələr Cənubi Meksika və Mərkəzi Amerika, daha sonra isə Cənubi Amerikada məhşurlaşmağa başlayıb. Bundan əlavə Asiya ölkələrində lobyadan yalnız yeməklər deyil, həm də çox fərqli desertlər hazırlanır. Hətta Yaponiya və Çində qırmızı lobyadan qənnadı sənayəsində istifadə edilir.
Lobyanın qədimdən istifadə olunduğunu qədim tapıntılar da təstiqləyir. Məsələn, . Peruda tarixi mədəni tapıntılar içində keyfiyyətini itirməmiş lobya dənləri aşkar edilmişdir. Çox maraqlıdır ki, qazıntı zamanı tapılan Peru mumiyasının əlində qarğıdalı qıçası, ağzında pambıq, bunun da içində qarğıdalı və lobya dənləri olmuşdur. Avropada isə bu bitki Kolumb Amerikanı kəşf etdikdən sonra yayılmağa başlayıb. Əvvəllər lobyadan dekorativ bitki kimi istifadə olunsa da daha sonradan faydalı olduğu bilinmiş və ərzaq bitkisi kimi yetişdirilməyə başlayıb. Hal-hazırda dünyanın əksər ölkələrində lobya mətbəxin ayrılmaz qida məhsulu hesab olunur.
Ət heyvan, lobya isə bitki mənşəli olsa da lobya tərkibinin zənginliyi ilə əti əvəz edir. Zülal, vitamin və mikroelementlər tərkibinə görə bi iki ərzaq növü çox oxşardır. Bundan əlavə zülallar orqanizmin əsas "tikinti materialıdır". Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.
Həmçinin qırmızı lobya ilə qidalanan insanlarda çəki problemindən əziyyət çəkmirlər. Alimlər təsdiqləyir ki, müntəzəm olaraq lobyalı yeməklər yeyən insanlar həmişə mülayim xasiyyət və sakitdir-axı lobya sinir sisteminə faydalı təsir göstərir. Bundan başqa qırmızı lobya orqnizmdə maddələr mübadiləsini yaxşılaşdırır.
Lobya çoxlu zülal toplayan bitki olduğu üçün o, yaşıl gübrə kimi də işlədilə bilir. O, havanın sərbəst azotunu mənimsəyərək torpağı mineral azotla zənginləşdirir, bu isə əkin üçün çox faydalı hesab olunur. Təsərrüfat əkinlərində lobyanın bir çox növlərindən istifadə edilir. Hal-hazırda lobya dünyanın əksər ölkələrində becərilir. Onun ümumdünya əkin sahəsi 21, 7 mln. hektara bərabərdir. Lobyanın ən böyük əkin sahəsi Hindistandadır.
Lobya universal məhsuldur. O,pomidor, badımcan, qoz, sarımsaq, soğan, göyərti, pendir vəs çox gözəl uyğunlaşır. Kulinar fantaziyanı işə salaraq ondan müxtəlif çeçiddə orjinal yeməklər hazırlamaq olar: salatlar, sup, ət və balıq üçün qarnir, lobya paşteti və s. Bundan əlavə qırmızı lobya ilə hazırladığınız yeməklərə, salatlara və suplara fərqli ədviyyatlar və zövqünüzə və ağız dadınıza uyğun göyərtilər əlavə etməklə daha ləzzətli olmasına nail ola bilərsiniz.
Çeşidindən aslı olmayaraq bütün lobya növləri, o cümlədən qırmızı lobya çox faydalı və dadlıdır. Termiki emal və konservləşdirmə zamanı lobya öz faydalı keyfiyyətlərini itirmir. Yəni, bir çox xanımlar narahat olur ki, konservləşdirilmiş məhsulda vitamin və mineralların sayı azalır. Amma konservləşdirmə zamanı onun tərkibində 70%-ə qədər vitamin və 80%-ə qədər mineral maddə qalır.
Lobyanın konservləşdirilməsi nahaqdan tətbiq olunmur. Yaşadığımız sürət əsrində lobyadan tez bir zamanda ən sadə yeməyi belə hazırlamaq çox çətindir. Axı onu əvvəl soyuq və qaynadılmış suda təxminən 1 sutka və suyunu hər 5-6 saatdan bir dəyişərək saxlamaq və sonra 1,5 saat saatdan az olmayaraq qaynatmaq lazımdır. Bu səbəbdən də konservləşdirilmiş lobya daha əlverişlidir.
Qısa zamanda konservləşdirilmiş qırmızı lobyadan asan və ləziz bir salat hazırlamaq olar.
Bunun üçün bir banka konsevləşdirilmiş qırmızı lobyanın suyunu süzüb əzirsiniz və püre halına gətirirsiniz.Üzərinə 3-4 diş sarımsağı xırda-xırda doğrayıb, bir az keşniş, şüyüd və bir ovuc qozu xırda -xırda doğrayırsınız. Zöqə görə duz, istiot və duru yağ əlavə edə bilərsiniz. Sonda hamısını yaxşı qatışdırdıqdan sonra çox ləzətli və dadlı bir salat alınır.
Bizim üçün yeni amma Asiya ölkələrində xüsusilə Koreyada məhşur olan desertlərdən biri Patbingsu məhz qırmızı lobyadan hazırlanır. Patbingsunun tarixi çox qədim zamanlara aiddir. Zamanla desertə fərqli əlavələr edilmiş və hal-hazırki forması əldə edilmişdir. Belə ki, qırmızı lobya ilə hazırlanan bu desertin ilk formasında üyüdülmüş buz, qırmızı lobya, doğranmış fıstıq tozu kimi inqredientlər yer alırmış. Belə tərkibli Patbingsu Coson sülaləsi (1392-1910) dövründə daha çox tanınmaqda idi. Hətta bəzən bu desertə meyvələr də əlavə olunduğu haqda qeydlər mövcuddur.
Patbingsunun müasir forması Yapon müstəmləkəsi (1910-1945) dövründə qırmızı lobyadan hazırlanan soyuq yeməklərin tətbiqi sayəsində kəşf edilmişdir. Lakin ilk dəfə üyüdülmüş buz və qırmızı lobya Koreyada bir-birinə qatılaraq desert olaraq təqdim olunmuşdur.
Patbingsu doğranmış meyvə, qatılaşdırılmış süd, meyvə siropu və qırmızı lobyanın da daxil olduğu xırdalanmış buz dənəcikləri ilə hazırlanan məşhur Koreya desertidir. Əgər tərkibinə qırmızı lobya daxil edilməzsə o zaman bu desert sadəcə binqsu adlanır. (Patbingsu sözündəki pat-qırmızı lobya mənasına gəlir).
Koreya müharibəsi (1950-1953) zamanı xarici mədəniyyətlərin təsiri ilə bingsuya meyvə kokteyli, dondurma, müxtəlif meyvələr, qoz-fındıq, şərbət, çırpılmış qaymaq əlavə edildi. Daha sonra, təxminən 1970-1980-cı illərdə meyvə kokteyli, çırpılmış qaymaq və albalıdan hazırlanan binqsu çox böyük marağa səbəb oldu.
Paştet bir çox qurmanlar tərəfindən sevilərək yeyilməkdədir. Bir çox xanımlarımız ət paşteti haqda məlumatlı olsalar da qırmızı lobyadan hazırlanan paştet heç də dad baxımından ondan geri qalmır. Lobya lif və zülallarla zəngindir, tərkibində B qrupu vitaminlər, fol turşusu və vitaminlər vardır. Ətdən daha çox proteinə malik lobyadan dadlı, faydalı və doyurucu paştet hazırlaya bilərsiniz.
Qızmızı lobya paştetini hazırlamaq üçün lobyanı axşamdan isladın. Suyunu dəyişib 1 saat qaynadın. Soğanı xırda-xırda doğrayıb yağda qovurun. Qoz ləpəsini ayrılıqda yağsız tavada qovurun. Lobya bişdikdən sonra suyunu süzün, ancaq o sudan 4-5 xörək qaşığı ayırıb kənara qoyun. Lobyanı, soğanı, qozu və sarımsağı bir qaba yerləşdirib blenderlə əzin. Üzərinə limon suyu, kənara ayırdığınız lobyanın suyu, kərə yağı və duz əlavə edib yaxşıca əzin. Paştet hazırdır. Zövqə görə qaraciyər paşteti kimi kərə yağıyla rulet formasına da salmaq olar. Bu qəlyənaltını həm çörəklə, həm də yeməklərə əlavə edərək dadına baxa bilərsiniz. Sadə və ləzzətli qəlyənaltı reseptini sınaqdan keçirməyə dəyər.
Çox vaxt itirməmək üçün yeməklərinizdə konservləşdirilmiş qırmızı lobyadan istifadə edə bilərsiniz. Belə lobya yalnız praktik deyil, həm də dad baxımından ləzzətlidir.
Payız fəslində sevərək yediyimiz lobya bədənə güc və enerji verərək, fiziki və zehni yorğunluğu yox edir.
Dəri ləkələri ilə mübarizə aparıb ləkələrin yaranmasını əngəlləyir. Qüsursuz, parlaq bir dəri üçün lobyadan faydalana bilərsiz.
Türk mətbəxi bu baxımdan çox zəngin olub, çox qədim zamanlardan bu günədək bir çoxlarının sevimlisi hesab olunur. Qırmızı lobya isə demək olar ki, ən çox istifadə olunan ərzaqlardan biridir. Bir çoxlarının sevərək qəbul etdiyi qırmızı lobya şorbası da bunlardan biri hesab oluna bilər.
Hazırlamadan əvvəl lobyanı soyuq suda 5 saat saxlayırıq. 1 gecədə saxlaya bilərik. Su, lobyanın şişməsi üçün çox olmalıdır. Sonra suyu dəyişib, lobyanı 1,5 saat bişiririk. Soğanı doğrayır, pomidorun qabıqlarını soyuruq. Soğanı qızarana qədər yağda qovururuq,sonra isə pomidoru və xırda doğranmış acı bibəri əlavə edirik.Bişənə yaxın 3-5 diş sarımsağı da tökürük. Hazır olduqdan sonra blenderlə əzirik. Bütün bunları qazana töküb, lobya və bulyonu (su) əlavə edirik. Qarışdıraraq oda qoyuruq. Kubik şəklində doğranmış kartofları da töküb, 15 dəqiqə bişiririk. İstəyinizə görə az miqdarda ət də əlavə edə bilərsiniz. Hazır olmağa yaxın zövqünüzə uyğun ədviyyatları və duzu tökün. Servis edərkən zövqə görə göyərti də səpə bilərsiniz.